Köhnə Brend, yoxsa Yeni Çin Avtomobili? Azərbaycan Bazarı Hansı Seçimi Daha Məntiqli Sayır?
Son illərdə Azərbaycanın avtomobil bazarında ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər üstünlük verilən ikinci əl brend avtomobillər (əsasən Avropa və ABŞ istehsalı) artıq yerini yeni, 0 km Çin avtomobillərinə verməyə başlayıb. Bu tendensiya təkcə qiymət deyil, həm də texnologiya, komfort və gəlir imkanları baxımından alıcıların seçimlərini dəyişir.
İkinci Əl Brend Avtomobillər: Nostalji və Risk
Ənənəvi olaraq, “brend” anlayışı Mercedes, BMW, Toyota kimi markaları ifadə edir. Bu avtomobillər uzunömürlü, etibarlı və prestijli sayılır. Lakin, aşağıda qeyd etdiyimiz hallar alıcılar üçün yüksək risk deməkdir.
Yüksək yürüş: 200,000 km-dən çox yol qət etmiş avtomobillər satışda durğunluq yaradır.
Təmir xərcləri: Yaşlı avtomobillərin ehtiyat hissələri baha və bəzən çətin tapılır.
Gömrük və vergi yükü: İkinci əl avtomobillərin idxalı zamanı əlavə xərclər yaranır.
Zəmanət müddəti yoxdur: Bu avtomobillər zəmanətsiz satılır .Nəticədə problem yarandığı halda alıcılar yüksək məbləğdə ziyan etmiş olur.
Çin İstehsalı Yeni Avtomobillər: Texnologiya və Zəmanət
Son dövrlərdə BYD, Chery, Haval kimi Çin markaları Azərbaycanda sürətlə populyarlaşır. Səbəblər isə kifayət qədər cəlbedicidir.
Müasir dizayn və texnologiya: Elektrikli və hibrid modellər, süni intellektlə təchiz olunmuş sistemlər.
Zəmanət və servis dəstəyi: Rəsmi salonlardan alınan avtomobillər 5 il və ya 150000 km-ə qədər zəmanətlə təqdim olunur.
Qiymət üstünlüyü: 20,000 manata qədər büdcə ilə tam yeni avtomobil almaq mümkündür.
Taksi və gəlir imkanı: Yeni Çin avtomobilləri taksi fəaliyyəti üçün ideal seçim sayılır.
Komfort və yanacaq qənaəti: Elektrikli modellər daxiliyanma mühərriklərindən daha az təmir tələb edir.
Ehtiyat Hissələri Problemi: Çin Avtomobillərinin Yeganə Çətinliyi
Ekspertlər bildirirlər ki, Çin avtomobillərinin ehtiyat hissələri bazarda hələ tam formalaşmayıb. Lakin bu, keçici mərhələ sayılır.
Hazırda ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Amma hibrid və elektromobillər köhnə maşınlar kimi tez-tez təmirə ehtiyac duymur, bununla yanaşı yeni avtomobillərə rəsmi dilerlər tərəfindən 5 il və ya 150000 km-ə qədər zəmanət təqdim edilir.
Statistikaya Baxış
2024-cü ildə Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 43% azalıb.
Çin avtomobilləri karvanlarla ölkəyə daxil olur, əsasən taksi və şəxsi istifadə üçün alınır.
Avtomobil salonlarında Çin modellərinə olan tələbat rekord səviyyəyə çatıb.
Məntiqli Seçim Nədir?
Əgər məqsədin:
Prestij və marka dəyəridirsə – köhnə brend avtomobil hələ də cazibəsini qoruyur.
Texnologiya, zəmanət və gəlirdirsə – yeni Çin avtomobili daha məntiqli seçimdir.